100-dən çox tələbə-könüllü klassik avtomobillərin yürüşünə dəstək verdi!

Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.  Tədbirə könüllü dəstəyi Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən göstərilib.

Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil və çoxlu sayda qonaq iştirak edib. Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Mərkəzin parkında nümayiş olunub.

Tədbirdə 100-dən çox tələbə-könüllü və Proqramın işçi heyəti fəaliyyət göstərib. Tələbə-könüllülər klasik avtomobillərin mühafizə olunması, qonaqların məlumatlandırılması, yönləndirilməsi, klasik avtomobillərin qeydiyyata alınması və s. işlərdə yardımçı olublar.

Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” – milis (1973), “BMW 3.0 CS Coupe (1974), “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim olunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən Proqram 17,000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiyət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunmuşlar.