20,000-ə yaxın tələbə-könüllü Ölkəmizin inkişafı üçün BİRlikdədir!

5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə “Bir” Tələbə-Könüllü proqramı bütün könüllüləri təbrik edir və fəaliyyətlərində uğurlar arzulayır!

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq, könüllülük fəlsəfəsini aşılamaq üçün 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli proqramdır. 

Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Tələbə-könüllülər üçün Proqram 6 istiqamətdə fəaliyyət imkanı yaradır: Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et və Zövq al.

“Bir” Tələbə-Könüllü proqramı fəaliyyətində bir çox yeniliklərə və uğurlara imza atmışdır.

Proqram Azərbaycanda milli könüllü platformasını formalaşdıraraq 20,000-ə yaxın tələbə-könüllüdən ibarət vahid könüllü bazası yaratmışdır.  Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir.

Proqramda tələbə-könüllülər üçün özünüinkişaf mühiti formalaşdırılmışdır. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlimlər, kurslar, seminarlar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Bu sayədə könüllülərin dil biliklərini inkişaf etdirilir, təcrübəsi artırılır və karyera imkanları genişləndirilir.

Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarına ilk addımlarını atmış, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil etmişdir.

Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” Proqram tərəfindən yaradılmışdır. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Həmçinin, bu sayt vasitəsilə tələbə-könüllü şəxsi hesabını yaradaraq şəxsi məlumatlarını hesabına yükləyə və bütün həyata keçirilən tədbirlərdən xəbərdar ola bilər.

Minlərlə tələbə-könüllü 3 il ərzində 380 yerli və beynəlxalq səviyyəli tədbirlərin təşkilinə və həyata keçirilməsinə dəstək verərək, böyük uğurlara səbəb olmuşlar. Bu tədbirlər sırasına Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Formula 1 yarışları, Bakı Marafonu 2017, 2018, Nəsimi Festivalı, Olimpiya Hərəkatı, BMX 2018 Dünya Çempionatı, Tennis Çempionatı, Beynəlxalq Təhsil sərgiləri, Avropa Gənclər Festivalı, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi kimi tədbirləri xüsusi qeyd etmək olar.

Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.