Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirildi.

Dekabrın 9-da Nizami Kino Mərkəzində “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirildi.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi. Tələbə-könüllüllərin nümayiş etdirdiyi “Canlı yağış” fleşmobundan sonra, cari ildə görülmüş işlər haqqında hesabat-videosu nümayiş olundu. İlk dəfə olaraq tələb-könüllülərin himni səsləndirildi. 
Təhsil naziri Mikayıl Cabbarov könüllülük hərəkatının inkişafı, tələbələrin ictimai həyatda fəal iştirakı baxımından forumun əhəmiyyətini vurğuladı, ölkədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclərin könüllü kimi fəaliyyətini yüksək dəyərləndirdi. Bildirildi ki, bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifədir. Bu çətin və məsuliyyətli işin çox böyük hissəsi ali təhsil müəssisələrinin üzərinə düşür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.
M.Cabbarov 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarında, “Formula-1” üzrə Azərbaycan Qran-Prisində və digər tədbirlərdə tələbə-könüllülərin özlərini uğurla sübut edəcəyinə inandığını və bu fəaliyyətin onların gələcək karyerasında da özünü göstərəcəyinə əminliyini bildirdi.
Gənclər və idman naziri Azad Rəhimov könüllülərin ölkəmizin mədəni və ictimai həyatında, müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak etdiklərini, könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini bildirdi. Qeyd edildi ki, hazırda yeddi mindən artıq könüllüdən ibarət bazaya sahib olan “BİR” Tələbə-Könüllü Proqramı Bakıda keçirilmiş “Formula-1” üzrə Avropa Qran-Pri yarışlarında 1.147 tələbə ilə fəal iştirak edib. Könüllülərə uğurlar arzulayan A.Rəhimov onları dövlətimizin başçısının ətrafında sıx birləşməyə çağırdı.
Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri təbrik edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə könüllülərin fəal iştirakını yüksək dəyərləndirib, onlara uğurlar arzulayıb. BMT təmsilçisi, qurumun baş katibi Pan Gi Munun Beynəlxalq Könüllülər Günü ilə əlaqədar müraciətini tədbir iştirakçılarına çatdırdı.
Tədbirdə “BİR” Tələbə-Könüllü Proqramı ilə tərəfdaşlıq edən qurumların nümayəndələrinə sertifikatlar təqdim olundu.
Sonda bir qrup tələbə-könüllü mükafatlandırıldı, onların ifasında “Tələbə” mahnısı səsləndirildi.