Azərbaycanda birinci keçirilən Nəsimi Festivalına BİR könüllülər dəstək verdi

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçirilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan 4 günlük Festival reallaşdı.

Yüzlərlər yerli və xarici qonağın iştirak etdiyi Nəsimi Festivalına Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 80-dən çox tələbə-könüllüsü dəstək verib.

Festival günlərində Bakı şəhərlərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunub.  Tələbə-könüllülər Festivalın hər bir məkanında eləcə də xarici və yerli qonaqların qarşılanması, müşayiət olunması, məkanlara aparılması, tədbir proqramı barədə məlumatlandırılması, yönləndirilməsi və s. işlərdə könüllü şəkildə fəaliyyət göstəriblər. Bununla yanaşı Festivaldan sonra xarici qonaqların Bakıda olduğu müddətdə də tələbə-könüllülər fəaliyyət göstərəcək.

Festivalın bir çox məkanda keçirilən tədbirlərində eyni zamanda 30 sentyabrda keçirilən bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib. Tədbirin sonunda tələbə-könüllülər Leyla Əliyeva  və Arzu Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən Proqram 17,000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiyət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunmuşlar.