Hörmətli Mehriban xanım!
Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz
Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən
yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş Türkiyə xalqının yanında
olmasının şahidi olduq. Yaşanan ağır faciəyə möhtərəm cənab Prezidentin və
Sizin həssas münasibətiniz, yardımla bağlı verdiyiniz göstərişlər biz gəncləri
hədsiz qürurlandırmaqla yanaşı, öz insansevərliyimizi nümayiş etdirməyə şərait
yaratdı.
Zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə
başladılan yardım kampaniyasına qoşulan hər kəsə, o cümlədən bu işdə əlindən gələni
əsirgəməyən çoxsaylı könüllülərə təşəkkür etməyiniz bizi olduqca təsirləndirdi.
Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq
Türkiyə xalqının yanında olmağı öz mənəvi borcumuz hesab edirik. Təbii fəlakətin
fəsadlarının aradan qaldırılmasına Azərbaycan dövləti və xalqı tərəfindən verilən
dəstəyə öz töhfəmizi vermək üçün gecə-gündüz demədən var gücümüzlə çalışırıq.
Biz könüllülər bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf
duyuruq.
Hər zaman olduğu kimi, fəaliyyətimizə göstərdiyiniz diqqətə,
verdiyiniz yüksək dəyərə görə Sizə səmimi-qəlbdən minnətdarıq. Xalqımızın əsrlər
boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini davam
etdirən Azərbaycan könüllüləri olaraq biz bundan sonrakı fəaliyyətimizdə də vətənpərvərlik
və milli-mənəvi dəyərlərə daim sadiq qalacağımıza və daha böyük əzmlə
çalışacağımıza söz veririk.
Dərin hörmətlə,
Azərbaycan könüllüləri