“Böyüklərimizi qoruyaq!” sosial aksiyası üçün BİRlikdəyik!

İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya həyata keçirilir.

 “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verilməsi məqsədi daşıyır. 

Aksiya çərçivəsində Təhsil Nazirliyinin 50-dən çox tələbə-könüllüsü Bakının 12 rayonu və Abşeron ərazisində yaşayan 65-dən yuxarı olan tənha vətəndaşlara sosial xidmətin göstərilməsinə könüllü dəstəyi verirlər.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan bu aksiya çərçivəsində, sosial xidmətçilərin tənha yaşlıların ünvanlarına çatdırılmaları üçün ödənişsiz taksi xidmətləri təşkil ediləcək. Bunun üçün müəssisə 100 avtomobil və sürücü ayırıb. 

Sosial xidmətçi və könüllülər çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün “Azərmaş” ASC tərəfindən təşkil edirlən taksi xidmətindən istifadə edirlər.

Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin olunublar. Xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir. 

Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alına bilərlər.

Operativ komandanın iş rejimi: hər gün (şənbə və bazar günləri istisna olmaqla), saat 10:00 - 16:00.

Böyüklərimizi qoruyaq! Əzizlərimizə dəstək olaq!