BİR könüllü ölkəmizi Beynəlxalq Könüllülər Forumunda təmsil edir

Rusiyada könüllülər ili elan olunması ilə əlaqədar Moskva şəhərində dekabrın 2-dən 5-dək Beynəlxalq Könüllülər Forumu keçirilir. Foruma 100-dən çox ölkədən olan 15,000-ə yaxın könüllülük fəaliyyəti ilə məşğul olmuş iştirakçı qoşulub.

Beynəlxalq Könüllülər Forumu müddətində iştirakçılar “Good deeds” proqramı çərçivəsində müxtəlif sahələrdə könüllülüklə məşğul olmaq, Rusiyanın xeyriyyə fondları, təşkilat və şirkətlərinin könüllü mərkəzlərini ziyarət etmək imkanı əldə edəcəklər. Həmçinin iştirakçılar könüllülük sahəsində aparıcı mütəxəssislərin iştirak etdiyi müzakirələrə və seminarlara qatılacaqlar.

Beynəlxalq Forumda ölkəmizi təmsil edən gənclər arasında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndəsi olan Ağa Səlimov da iştirak edir. Ötən il keçirilən Azərbaycan Tələbə-Könüllülərinin üçüncü forumunda “ən fəal könüllü koordinatoru” seçilən Ağa Səlimov könüllülük fəaliyyətinə tələbəlik illərindən başlayaraq 100-ə yaxın tədbirdə könüllü kimi fəaliyyət göstərib və daima özünüinkişaf etdirib. Hazırda da ölkəmizi Beynəlxalq Könüllülər Forumunda layiqincə təmsil edir.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 19,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 300-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.