“BİR” tələbə-könüllülər koronavirus pandemiyası dövründə birlik nümayiş etdirdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev koronavirus pandemiyasının yayıldığı ilk günlərdə könüllülərin vətəndaşlara dəstəyi üçün çağırış etdi.

Prezident cənab İlham Əliyevin çağırışına cavab olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri də “Biz birlikdə güclüyük” şüarı altında birləşərək koronavirus pandemiyası dövründə sosial aksiyalara, kampaniyalara, layihələrə dəstək veriblər və birlik nümayiş etdiriblər.

Pandemiya müddətində 35 şəhər və rayonda yerləşən 24 ali və 12 orta ixtisas təhsili müəssisəsini təmsil edən 400-dən çox tələbə-könüllü “Böyüklərimizi qoruyaq”, “Könüllü Qonşu”, “Könüllü Donor”, “Bir-birimizi qoruyaq!”  və vətəndaşların maarifləndirilməsi, sosial xidmətlərin göstərilməsi, ehtiyacların ödənilməsi istiqamətində keçirilən layihələrdə 4500-dən artıq könüllülük saatı fəaliyyət göstəriblər.

Tələbə-könüllülərin dəstəyi ilə ölkəmizin müxtəlif şəhərlərində yaşayan aztəminatlı ailələrə xeyirxah sahibkarlar tərəfindən üçün təşkil olunan 4000-dən çox ərzaq payı, ölkə daxilindəki tibb müəssisələrinə 2000-dən çox vətəndaşın tələbatının ödənilməsi üçün zəruri olan dərmanlar, DİN-nin A.N. Heydərov adına Respublika Hospitalı və Mərkəzi Gömrük Hospitalına COVİD-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 800 ədəd üz sipəriləri çatdırılıb.

Tələbə-könüllülərin təşəbbüsü ilə koronavirus pandemiyasında çalışan insanlara həsr olunan “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” onlayn fləşmobu, insanlarda ruh yüksəkliyi yaratmağı əsas götürən “#hərşeyyaxşıolacaq #yenidən” aksiyası həyata keçirilib. Aksiyalara ümumilikdə 1000-dən çox insan qoşulub, 25 mindən çox bəyənmə, 40 mindən çox baxış sayı əldə edib.

Pandemiya dövründə dəstək verilən layihələrdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Azərmaş” ASC ilə əməkdaşlıq olunub.

Həmçinin, koronavirus pandemiyası dövründə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı da Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsisçilərindən biridir.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı milli tələbə-könüllü platforması kimi 23,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.