Formula 1 Avropa Qran Pri yarışı çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramı ilə  anlaşma memorandumu imzalandı
14.03.2016

Formula 1 Avropa Qran Pri yarışı çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalandı

1996

Formula 1 Avropa Qran Pri yarışı çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramı ilə  anlaşma memorandumu imzalandı

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti martın 7-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzaladı.

Tədbir Gənclər və İdman Naziri Azad Rəhimovun və Təhsil Naziri Mikayıl Cabbarovun iştirakı ilə Avropa Qran Prisinin Könüllülər Mərkəzində baş tutdu. Memorandum nazirlər tərəfindən imzalandı və tərəflər Formula 1 Avropa Qran Prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə səy göstərməyin vacibliyi barədə razılıqlarını bildirdilər.

Görüşdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycanda gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini qeyd etdi: “Gənclər arasında könüllülük fəaliyyətinə maraq olduqca yüksəkdir. İndiyədək ev sahibliyi etdiyimiz iri miqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimiz böyük uğurlara imza atıblar. Ümid edirəm ki, bu ənənə növbəti tədbirlərdə daha yüksək səviyyədə davam edəcək”.  

Təhsil Naziri Mikayıl Cabbarov öz növbəsində bildirdi ki, könüllülük fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Avropa Qran Prisinin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək: “Tələbələrin ölkəmizdə keçirilən irimiqyaslı idman yarışlarında könüllü fəaliyyət göstərməsi çox sevindirici haldır. Biz Təhsil Nazirliyi olaraq, tələbələrin hərtərəfli inkişafını dəstəkləyirik. İnanırıq ki, onların iştirakı ilə Azərbaycan daha böyük işlərin öhdəsindən uğurla gələcək”. 

Qeyd edək ki, anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən Avropa Qran Prisinin Könüllülük Proqramı təqdim olunacaq və Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün tələbə-könüllülər cəlb olunacaq.

“Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər.

 


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.