Küləyə BİRlikdə qalib gəldik

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib. Marafona yaşı 16-dan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışda iştirak üçün ümumilikdə 13 mindən çox şəxs qeydiyyatdan keçib. Həmçinin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Yarışa respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub.

"Sağlam bədəndə sağlam ruh" deyən "Bir" tələbə-könüllülər Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017”də birlik nümayiş etdirdilər. Bayraq Meydanından başlayan və Bakı Olimpiya Stadionunda bitən Bakı Marafonunun bütün iştirakçıları könüllülərimizin dəstəyindən faydalandılar.