Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri ilə növbəti görüş, I "Yüksəliş" müsabiqəsinin qalibi Saməddin Abbasovun məzunu olduğu Biləsuvar şəhəri, Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbə səfəri ilə baş tutdu.
Saməddin Abbasov auditoriyaya təhsil aldığı illərdə və peşəkar fəaliyyətdə qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, görüşdə Biləsuvar Rayon İcra Hakimiyətinin başçısı Faiq Qürbətov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli də iştirak ediblər. Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.
“İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, peşəkar həyatda uğur qazanan şəxslərin məzunu olduğu məktəbdə yuxarı sinif şagirdləri ilə görüşünü təşkil edərək onların fərdi inkişafına dəstək olmaqdır.
"Bir Gələcək” təşəbbüsü çərçivəsində silsilə görüşlər may ayı ərzində davam edəcək.