Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü”
Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə "Tələbələrin
İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda
“MathCamp 2023” adlı riyaziyyat düşərgəsinin növbəti mövsümü başlayır.
Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında riyazi təfəkkürün
inkişafı üçün yeniliklərə yol açan idrak fəaliyyətinin formalaşdırılması,
riyaziyyatın yeni təlim texnologiyalarından istifadə edərək tələbələrdə məntiqi
təfəkkürü, təsvir və ixtiraçılıq bacarığının inkişaf etdirilməsi, elmi
dünyagörüşünün və riyazi nəzəri, praktik biliklərinin gücləndirilməsidir.
Düşərgədə kimlər qeydiyyatdan keçə bilər: Ali təhsil müəssisələrinin
riyaziyyat, fizika və əlaqəli ixtisaslarında
bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr;
magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;
qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər.
Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən inteqrativ
təlimə, alqoritmik yanaşmaya, məsələlər həllinə və ali riyaziyyat
elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminarlar və
vorkşoplar təşkil ediləcək.
Məlumat üçün bildirək ki, fevral ayında keçirilməsi nəzərdə tutulan
riyaziyyat düşərgəsinin təxirə salınmasının əsas səbəbi müraciət edən
namizədlərin böyük əksəriyyətinin ixtisaslarının qeyd edilən istiqamətlə
uzlaşmamasıdır. Düşərgədə iştirak üçün öncədən qeydiyyatdan keçən və imtahanda
iştirak edən namizədlər yenidən müraciət edə bilərlər.
Qeydiyyat
linki: https://forms.gle/jfM93oR2BZCvBBYP7
Son
müraciət tarixi: 5 mart 2023-cü il