“MathCamp 2023” tələbə düşərgələrinin açılış mərasimi baş tutub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində Quba rayonunda təhsil idarəetməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” və riyaziyyat ixtisaslarında təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2023” tələbə düşərgələrinin açılış mərasimi baş tutub.


 Tədbirdə açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya və Vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev iştirakçıları salamlayaraq qiymətləndirmə, həmçinin müsahibə mərhələsindən müvəffəqiyyətlə keçərək düşərgədə iştirak haqqı qazanan tələbələri təbrik edib. Səbuhi Rzayev qeyd edilən düşərgələrin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən 2023-cü ildə təşkil edilmiş artıq 4-cü düşərgə olduğunu bildirib və ictimai birliyin gələcək strateji planında da düşərgə formatında ixtisasyönümlü tədbirlərin davamlı təşkil ediləcəyini xüsusi vurğulayıb. Açılış nitqinin davamında “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova iştirakçılara düşərgə proqramı barədə ətraflı məlumat verib, layihədə iştirak üçün ümumilikdə 700-ə yaxın müraciət daxil olduğunu, qiymətləndirmə mərhələsində isə 450-dən çox namizədin iştirak etdiyini qeyd edib.


Açılış mərasimindən sonra düşərgənin ilk spikeri Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin təqdimatında xarici təcrübədən faydalanmanın üstünlükləri, əmək bazarının rəqabətli mühitində fərqlənmək məqsədi ilə ölkə xaricində təhsilin üstünlüklərini tələbələrə çatdırmaq üçün “Xaricdə təhsil və ikili diplom proqramları” barədə məlumatverici sessiya təşkil olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, düşərgə 26 mart tarixinə qədər davam edəcək və növbəti günlərdə də iştirakçılar üçün fərqli mövzularda sessiyalar və interaktiv oyunlar, həmçinin idman turnirləri təşkil ediləcək