Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” düşərgəsi
Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” düşərgəsinə qeydiyyat başlayır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə "Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda təhsil idarəetməsi və pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” düşərgəsi təşkil ediləcək.
Düşərgənin keçirilməsində əsas məqsəd peşəkar, çevik və yenilikçi müəllimlərin cəlb edilməsiylə pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin peşəkar təhsil işçisi kimi formalaşmasına dəstək olmaq, onları stimullaşdırmaq və təhsil sahəsində birgə innovativ fəaliyyətlərin layihələndirilməsinə nail olmaqdır.
Düşərgədə kimlər qeydiyyatdan keçə bilər: Ali təhsil müəssisələrinin pedaqoji profilli və əlaqəli ixtisaslarında
bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr;
magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;
qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər.
5 günlük düşərgə çərçivəsində tələbələrin asudə vaxtlarının daha səmərəli və faydalı təşkili məqsədilə innovativ vorkşoplar, simulyativ sessiyalar, müxtəlif əyləncəli müsabiqə, idman yarışları, intellektual oyun və fəaliyyətlər keçiriləcək.