Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə "Gəncliyin BİR həftəsi" adlı tədbir keçirilir.
"Gəncliyin BİR həftəsi" gənc tələbə-könüllülərin şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.
Tədbirin birinci günü Proqramın “Öyrən” istiqaməti çərçivəsində "İnsan Mühəndisliyi" proqramının rəhbəri, təlimçi Rövşən Nəcəfov tərəfindən “Gələcəkdə mən” adlı təlim keçirilib. Təlimdə 30-a yaxın tələbə-könüllü iştirak edib.
Tədbir 27 yanvardan 2 fevraladək davam edəcək.
"Gəncliyin BİR həftəsi"ndə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edəcək və çərçivəsində təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı baş tutacaq.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.