25 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək.
Dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri, təhsil müəssisələrinin nümayəndələri və tələbə-könüllülərin iştirakı ilə keçiriləcək Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Forum ötən il təşkil olunmuş 2-ci Forumun nəticələrinə, görülmüş işlərə, qarşıya qoyulan yeni məqsədlərə və fəal tələbə-könüllülərin mükafatlandırılmasına həsr olunacaq.
İki il ərzində 21 ali və 16 orta ixtisas təhsili müəssisələrindən olan 15,000-dən çox tələbə-könüllünü öz ətrafında BİRləşdirən “Bir” Tələbə-Könüllü proqramı indiyədək 150-dən çox müxtəlif səviyyəli tədbirlərə könüllü dəstəyi göstərmiş və yeddi regionda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunmuşdur.