• Tələbə-könüllülər yenə Bakı Marafonunda BİR olacaqlar!
  • Tələbə-könüllülər yenə Bakı Marafonunda BİR olacaqlar!
  • Tələbə-könüllülər yenə Bakı Marafonunda BİR olacaqlar!
30.04.2019

Tələbə-könüllülər yenə Bakı Marafonunda BİR olacaqlar!

325

Təhsil Nazirliyinin 600-dən çox “BİR” tələbə-könüllüsü Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək “Bakı Marafonu - 2019”a dəstək göstərəcək.

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Marafonun bütün iştirakçıları yarış zamanı “BİR” könüllülərin dəstəyindən faydalanacaqlar.

Mart-aprel ayından “BİR” könüllülər Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrində marafon iştirakçılarının qeydiyyat prosesini həyata keçirirlər. Həmçinin marafon günü 600-dən çox tələbə-könüllü xüsusi əyləncə proqramlarının təşkili, logistika, nəzarət, iştirakçıların yönləndirilməsi və sair kimi işlərdə fəaliyyət göstərərək tədbirin uğurla həyata keçirilməsinə dəstək olacaqlar.

“Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.   Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, eləcə də təşkilati dəstək verilib.

“BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.