Tələbə Könüllülərin 1-ci Forumu
13.04.2016

Tələbə Könüllülərin 1-ci Forumu

3202

Dekabrın 14-də Tələbə Könüllülərin 1-ci Forumu keçirilib.

Forum könüllülük hərəkatının inkişafı, müvafiq istiqamətdə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədilə təşkil olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, QHT rəhbərləri, tələbə könüllülər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan Könüllüləri: Dünən, Bu gün və Sabah” videoçarxı təqdim olunub.

Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bu tədbirin mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirib. Könüllülərin forumunun ölkəmiz üçün yeni ənənə olan könüllülük hərəkatının təntənəsi, birliyimizin və fərqli düşüncələri ölkəmizin müasirləşməsi və inkişafı hədəflərinə yönəldə bilməyimizin təzahürü olduğunu söyləyən nazir tədbirin məqsədlərini nəzərə çatdırıb.

Təhsil naziri ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən irəli gələn vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Ölkə Prezidentinin Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan nazir dövlət başçısının könüllülərlə görüşü zamanı bu məsələlərə ətraflı yer verdiyini bildirib. Cənab Prezidentimizin qeyd etdiyi kimi, “könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər... Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir”.

“Bakı 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində 18 mindən artıq tələbə könüllülərin özünəməxsus roluna toxunan təhsil naziri bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fikirlərinin də tələbə könüllülərə yeni ruh verdiyini nəzərə çatdırıb.

Artıq tələbə könüllülərin yeni keyfiyyətlər–ünsiyyət, təqdimat, təmsilçilik, komanda işi, həmrəylik və birgə əlaqələndirmə vərdişləri əldə etdiyini bildirən təhsil naziri deyib ki, könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında öz sözünü deyəcək: “Ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq digər dünya miqyaslı tədbirlərdə də sizin təcrübəniz “Uğur açarı” olacaq. Bu mühüm missiyanın yüksək səviyyədə yerinə yetiriləcəyinə heç bir şübhə yoxdur. Gələn ilin iyununda Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında və 2017-ci ildə paytaxtımızda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında da sizin özünəməxsus imzanız olacaq”.

Könüllülərin təhsil aldıqları ali məktəblərin və ölkəmizin ictimai, mədəni həyatında yaxından iştirak etməklə digər gənclərə də örnək olduğunu söyləyən nazir onlara tədrisdə də uğurlar arzulayıb, tələbələri daim öz bilik və bacarıqlarını yüksəltməyə, layiqli mütəxəssis kimi yetişməyə səsləyib. Bu baxımdan ali təhsil sahəsində aparılan islahatlar, tələbələr üçün yaradılan əlverişli mühit təhsilalanlara yeni imkanlar verir: “Təhsil Nazirliyi tərəfindən yaradılmış SABAH qrupları Azərbaycanın savadlı, bacarıqlı, hazırlıqlı tələbələrini özündə birləşdirir. SABAH qrupları ölkəmizin təhsil brendinə çevrilib və Azərbaycanda ali təhsilin inkişaf perspektivlərini müəyyən edir. Yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühiti daha da genişlənəcək”.

Yeni çağırışlara adekvat reaksiya verilməsinin zəruri olduğunu bildirən təhsil naziri tələbələrin gücündən, biliyindən daha səmərəli istifadə etmək və strateji məqsədlərin uğurla yerinə yetirilməsi məqsədilə “BİR” Tələbə-Könüllü Proqramının yaradılmasını yüksək dəyərləndirib: “Hamının bu mərkəz ətrafında birləşməsi və qüvvələrin bir istiqamətdə yönəldilməsi gənclərin hərtərəfli inkişafına, nəticə etibarilə müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə xidmət edəcəkdir”.

Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və tələbələr forumun əhəmiyyətindən söhbət açıb, könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini bildiriblər.

Çıxışlardan sonra “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı olub. Təqdimat zamanı iştirakçılara proqramın məqsədi, istiqamətləri və imkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “BİR” Tələbə-Könüllü Proqramı ölkədə növbəti illərdə həyata keçiriləcək bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

Proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim ediləcək. Proqrama qoşulmaq üçün tələbə www.konullu.edu.az vasitəsilə müraciət edə bilərlər.

Tədbir tələbələr tərəfindən Azərbaycanın məşhur retro musiqisi–“Tələbə” mahnısının ifası ilə başa çatıb.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.