Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Lənkəran, Masallı, Gəncə, Mingəçevir, Şəki şəhərlərində keçirilən təqdimatlarından sonra Bakı şəhərindəki təqdimatları başlayıb.
Sentyabrın 1-də Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında təqdimatı baş tutub. 250-dən çox tələbənin iştirak etdiyi təqdimatda Proqramın fəaliyyəti, imkanları və istiqamətləri (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et və Zövq al) barədə məlumat verilib.
“Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Tədbir iştirakçılarına “Bir” Tələbə-Könüllü Proqramında iştirak edən tələbə gənclərin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Sonda tələbələrin sualları cavablandırılıb, tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.
2 və 3 oktyabr tarixlərində UNEC-I digər tədris binalarının tələbələri üçün də Proqramın təqdimatı keçiriləcək.