“Yüksəliş” müsabiqəsinin qalibi “Bir Gələcək” layihəsi çərçivəsində məktəblilərlə görüşdü

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri ilə növbəti görüş 17 aprel tarixində II "Yüksəliş" müsabiqəsinin qalibi İlyas İsmayıllının məzunu olduğu Bakı şəhəri, 291 nömrəli Ekologiya liseyinə səfəri ilə baş tutdu. 


İlyas İsmayıllı auditoriyaya təhsil aldığı illərdə və peşəkar fəaliyyətdə qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.


“İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, peşəkar həyatda uğur qazanan şəxslərin məzunu olduğu məktəbdə yuxarı sinif şagirdləri ilə görüşünü təşkil edərək onların fərdi inkişafına dəstək olmaqdır.

 “Bir Gələcək” təşəbbüsü çərçivəsində silsilə görüşlər aprel-may ayları ərzində davam edəcək.