“Yüksəliş” müsabiqəsinin qalibi “Bir Gələcək” təşəbbüsü əsasında məktəblilərlə görüşdü.


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri ilə növbəti görüş II "Yüksəliş" müsabiqəsinin qalibi Xanbaba Sultanlının məzunu olduğu Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinə səfəri ilə baş tutdu. 


Xanbaba Sultanlı auditoriyaya təhsil aldığı illərdə və peşəkar fəaliyyətdə qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.



“İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, peşəkar həyatda uğur qazanan şəxslərin məzunu olduğu məktəbdə yuxarı sinif şagirdləri ilə görüşünü təşkil edərək onların fərdi inkişafına dəstək olmaqdır.


“Bir Gələcək” təşəbbüsü çərçivəsində silsilə görüşlər aprel-may ayları ərzində davam edəcək.