“Zəfər Liqası” futbol turnirinin qalibi “Bir Könüllü” komandası oldu

Azərbaycan könüllüləri arasında keçirilən “Zəfər Liqası” futbol turniri başa çatıb.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə təşkil olunan “Zəfər Liqası” futbol turnirinin final görüşü baş tutub.
8 noyabr – şanlı Zəfər Gününə həsr olunmuş turnirdə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən 10 könüllü təşkilatı mübarizə aparıb.
29 oktyabr – 11 noyabr tarixlərini əhatə edən turnir çərçivəsində ardıcıl olaraq qrup mərhələsi, 1/2 final və final oyunları baş tutub. Final görüşündə “Bir Könüllü” və “Event Volunteer Service” könüllülərini təmsil edən komandalar üz-üzə gəlib. Yekunda “Bir Könüllü” komandası 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Mükafatlandırma mərasimində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katib müavini Kamran Vəliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova tərəfindən könüllülərə kubok və medallar təqdim edilib.
Komandamızı qələbə münasibətilə təbrik edirik!