“Bir Könüllü” Təşkilatı “Bir” tələbə-könüllü proqramı kimi 2015-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün yaradılıb. 2019-cu il 2 avqust tarixindən etibarən “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi kimi dövlət qeydiyyatına alınıb.
“Bir” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəyliyin simvoludur. Adını bu dəyərlərdən alan təşkilat Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyidir.
Təşkilatın məqsədi tələbələrə könüllülük fəaliyyətinin əsas mahiyyəti, onlarda fərdi və peşəkar yanaşmanın formalaşdırılması, könüllülük fəaliyyətinin davamlı şəkildə təbliği və təşviqi, yerli, regional və qlobal səviyyədə tədbirlərin həyata keçirilməsi və aktiv iştirakçılıq, könüllülərin dövlət qurumlarında, cəmiyyətin inkişafı naminə həyata keçirilən faydalı layihələrdə daha yaxından və fəal iştirakına şərait yaratmaq, gənclərin bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları, seminarlar, layihələr, yay məktəbləri, düşərgələrin və danışıq klublarının təşkili , könüllülük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir.
30.000-dən çox üzvə sahib olan təşkilat tərəfindən indiyədək 850-dən çox yerli, regional və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. 2021-2022-ci tədris ilində “Bir Könüllü” Təşkilatı Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədi ilə 250-ə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.